Home > Azərbaycan, Tariximiz > Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi

Azərbaycanın Rusiya və İran arasında bölüşdürülməsi

Gəncə xanlığının işğalından və Azərbaycanın digər xanlıqlarının Rusiya tərəfindən işğalı İran və Türkiyənin, həbelə onların arxasında duran İngiltərə və Fransanın narahatlığına səbəb oldu. Azərbaycan tarixçisi A.Bakıxanovun yazdığına görə, «İran rusların sürətli müvəffəqiyyətlərinə dəhşətlə baxırdı. İran şahı 70 minlik qoşununu Zaqafqaziya sərhədlərində cəmləşdirdi». Şah sarayı Rusiya ilə müharibəyə hələ 1801-ci ilin yarısından- İngiltərə ilə müqavilə bağladıqdan sonra hazırlaşırdı

Lakin İranın daxilində baş vermiş çaxnaşmalar və İngiltərə tərəfindən real köməyin olmaması davakar əhval-ruhiyyəli şah sarayına soyuducu təsir göstərirdi. İngiltərə isə I Pavelin öldürülməsindən və xüsusən də Fransa qoşunlarının Rusiya və Misirdən getməsindən belə qənaətə gəldi ki, Hindistana yürüş planı Napoleonun şərq siyasətinin gündəliyindən çıxarılmışdır və şaha köməyə ehtiyac qalmayıb. Ona görə də İngiltərə vəd verməkdən uzağa getmirdi. Bununla belə o, İranı Rusiya ilə müharibəyə qızışdırırdı.

İran sarayı Rusiya ilə müharibəyə hazırlaşaraq Gürcüstanı Rusiyaya qarşı birgə çıxışa cəlb etmək məqsədi ilə öz nümayəndələrini buraya göndərdi. Zaqafqaziyanın hər yerinə şahın Gəncə və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaət və kömək göstərilməsini tələb edən fərman göndərildi.

1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının Zaqafqaziyadan çıxarılmasını tələb etdi. Tələb rədd olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasındakı diplomatik əlaqələr kəsildi, 10 il davam edən rus-İran müharibəsi başlandı. Bu müharibə hər iki tərəfdən Azərbaycan qarşı ədalətsiz müharibə idi, çünki onun torpaqlarının ələ keçirilməsi uğrunda gedirdi.

1804-cü il iyun ayının 16-da iki dövlət arasında diplomatik əlaqələr kəsildikdən sonra ilk döyüş iyulun 27-də Üçmüədzin monastrının divarları yaxınlığında,ikinci döyüş isə Qəmərli kəndi yaxınlığında oldu. Bu döyüşlərdə azuqənin çatışmaması, qoşunun azlığı ucbatından İran ordusu qələbə çaldı və rus qoşunları sentyabrın 4-də geri çəkilməyə məcbur oldular.

Rus qoşunun başçısı general Sisianov Şimali Azərbaycan xanlıqlarına təzyiqi davam etdirirdi. 1805-ci ildə Rusiya ilə Qarabağ xanlığı arasında Kürəkçay müqaviləsi bağlandı. Bu müqaviləyə əsasən xarici siyasət hüququnu itirdi, lakin daxili siyasət hüququ saxlanıldı. Daha sonra Şəki xanlığı ilə də eyni cür müqavilə imzalandı. 1805-ci ilin dekabrında Şamaxı xanlığı da Rusiyanın hakimiyyətinə keçdi.

İyunun 23-də donanma Ənzəli limanına çatdı. Desant çıxarmaq və Rəşti tutmaq üçün göstərilən uğursuz cəhtdən sonra rus eskadrası avqustun 12-də Bakı rayonuna yaxınlaşdı. Qalanın təslim edilməsi barədə danışıqlar başlandı. Zavalişin rədd cavabı alaraq avqustun 15-də qalanı atəşə tutmağa, avqustun 22-də isə şəhəri mühasirəyə almağa başladı. Avqustun 29-dək xanlığın mühüm strateji məntəqələri tutuldu.

İranla əlaqə saxlayan Bakı hakimi Hüseynqulu xan kömək üçün şah sarayına müraciət etdi. İran tarixçisi Nəsir Nəcminin məlumatına görə, Abbas Mirzə Urmiyalı Əsgər xana Bakı xanına kömək üçün qoşunlarla birlikdə dərhal yola düşməyi əmr etdi. Qubalı Şeyxəli xan da Hüseynqulu xana köməklik etməyə hazırlaşırdı. General Zavalişin Bakıya – Hüseynqulu xana Urmiya və Qubadan köməyin yaxınlaşmasından qorxaraq qalanı ələ keçirmədən Lənkəran yaxınlığındakı Sara adasına çəkildi. 1806-cı il fevralın əvvəllərində Sisianov artilleriyası olan böyük qoşun dəstəsi ilə Bakının iki kilometrliyində general Zavalişinin desant dəstəsi ilə birləşdi və Naxırbulaqda düşərgə saldı. Sisianov qalanın təslm edilməsini tələb etdi.

Fevralın 8-də Sisianov polkovnik Eristavinin müşayiəti ilə demək olar ki, mühafizəsiz şəkildə onu lap qalanın yanında gözləyən Bakı xanı ilə görüşmək üçün yola düşdü. Görüşdə o, Hüseynqulu xanın əmisi oğlu İbrahim bəy tərəfindən öldürüldü.

Bu hadisədən sonra C.Azərbaycanda rus qoşunlarının vəziyyəti ağırlaşdı,lakin Bakının və Dərbənd tutulması rusların strateji planlarında başlıca yer tuturdu. 1806-cı ilin iyununda Dərbənd oktyrabrında isə Bakı işğal edildi. Bakı xanlığını tutandan sonra ruslar bu xanlığı ləğv etdilər.

1806-cı ilin yazında İran qoşunları yenidən fəallaşdı. Napoleonun vəd etdiyi kömək burada az rol oynamadı. İran qoşunları Arazı keçərək Qarabağa yeridi.

İyunun 8-də rus və İran qoşunları arasında 1806-cı il kampaniyasının ilk döyüşü baş verdi. Şahbulaq və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4 min İran sərbazı ilə qarşılaşdı. Rus dəstəsi İran qoşununu sıxışdırdı və Əsgəranı tutaraq Şuşaya doğru irəlilədi.

Abbas Mirzə İbrahimxəlil xanı öz tərəfinə çəkmək üçün elçilərini onun yanına göndərdi. Bu dövrdə Şuşada yerləşən mayor Lisaneviçin başçılıq etdiyi rus qarnizonunun azlığı üzündən İbrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçlə razılaşaraq rus qoşunları gəlib çıxanadək iranlılarla mülayim rəftar etməyi qərara aldı. Rus qoşunlarının gəlib çıxmasının xeyli çəkməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. İbrahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığındakı Xankəndinə köçürdü. XIX əsrin I yarısıda yaşamış Azərbaycan tarixçisinin yazdığı kimi, «bəzi bədniyyətli adamlar xanı mayora elə şərləmişdilər ki, mayor gecə ikən bir dəstə döyüçü ilə onun məskəninə yollandı. Burada fələyin zalım hökmü ilə İbrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə birlikdə öldürüldü.» Bu qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini səciyyələndirən parlaq misaldır. Belə yolla həm tərəddüd edən feodallar, həm də əhali ruslardan uzaqlaşdırıldı. Təsadüfi deyil ki, bu hadisələrdən dərhal sonra şəkili Səlim xan Rusiya ilə əlaqələri kəsdi, «əhalini üsyana qaldırdı və rus qoşunlarını xanlıqdan getməyə məcbur etdi».

1806-cı ilin qışında yeni baş komandan təyin olunmuş general Qudoviç Qarabağın idarə olunması haqqındakı fərmanı Mehdiqulu xana təqdim etdi.

Yay kampaniysının müvəffəqiyyətlə başa çatmasından sonra qarşıda Şimali Azərbaycanın qalan ərazisinin, ilk növbədə Bakı və Quba xanlıqlarının işğalı məsələsi dururdu.

Göstərilən xanlıqların işğalından sonra rus qoşunları Şəki xanlığındakı üsyanı yatırmaq üçün göndərildi. 1806-cı il oktyabrın 22-də Nuxa yaxınlığında həlledici döyüş baş verdi və şəkil Səlim xanın dəstələri məğlubiyyətə uğradı. Rus qoşunları Nuxa şəhərini mühasirəyə aldılar. Şəhər sakinləri müqavimət göstərməkdə davam edirdi. Bununla belə, nuxalıların müqaviməti qırıldı və rus qoşunları hücum edib Nuxanı ələ keçirtdilər. Səlim xan İrana qaçdı. Xanlığın idarə olunması üçün Şəkidə yerli, Rusiyaya meylli olan bəylərdən ibarət müvəqqəti idarə təşkil olundu.

Sonra rus qoşunları üsyan bürümüş Car-Balakənə yola düşdü. Rus qoşunları Carda üsyanları və Avar xanının, habelə digər Dağıstan feodallarının burada olan süvarilərini mühasirəyə aldılar. Tezlikl bu üsyan da yatırıldı.

Şimali Azərbaycan xanlıqlarında üsyan yatırıldıqdan sonra hökumət bir sıra yerli feodal hökmdarları dəyişdi.

1809-cu ildə İngiltərə İranla müqavilə imzaladı. Bu müqaviləyə görə, iran İngiltərə ilə düşmənçilik edən bütün dövlətlərlə münasibətlərini kəsməyi öhdəsinə götürdü. İngiltərə şaha Rusiya ilə müharibə müddətində hər il 120 min funt-sterlinq məbləğində maliyyə yardımı göstərməyi, silah, hərbi sursat və təlimatçılar verməyi vəd etdi.

1809-cu ilin sentyabrında 11 minlik İran süvari qoşunu Talış xanlığına soxuldu və Lənkəranı talan etdi. Mir Mustafa xan öz qoşunlarının qalıqları və ailəsi ilə birlikdə yarımadada gizlənməyə məcbur oldu. Həmin günlərdə Əsgəranda İran və Rusiya arasında danışıqlar yenidən başlandı. General Tormosov İran nümayəndəsi Mirzə Bezürkdən Talış xanlığının müstəqilliyini tanımağı tələb etdi.

İngiltərə və Türkiyənin maneçilliyi üzündən danışıqlar kəsildi. Türkiyə barışıq bağlanacağı təqdirdə İranla müharibədən azad olacaq qoşunların hesabına Rusiyanın güclənməsindən ehtiyat edirdi. Ona görə də sultan danışıqları pozmaq üçün öz səlahiyyətli nümayəndəsini qiymətli hədiyyələrlə Tehrana göndərdi. Abbas Mirzəyə isə 12 minlik nizami seçmə türk qoşunu təklif etdi. Zaqafqaziyadakı rus qoşunları ağır vəziyyətə düşdü.

1810-cu ilin iyununda İran qoşunları Qarabağa, Gəncəyə və Pəmbəkə doğru irəlilədi. İran qoşunlarının ön dəstələri Tuğ kəndinin yaxınlığında Qarğabazar adlanan yerdə dayandı. İranlılar Mehridə də möhkəmləndilər. Təbriz istiqamətində Cənubi Azərbaycana irəliləməyin açarı rolunu oynayan Mehrinin mühüm strateji əhəmiyyətini nəzərə alan, sayca 400 nəfərdən bir qədər artıq dəstəsi olan Kotlyarevski Mehriyə doğru hərəkət etdi. İyunu 15-də kəndi hücumla ələ keçirmək ona müəssər oldu. Arazın o tayına geri çəkilmiş iranlılar iyulun 2-də yenidən Mehriyə yaxınlaşdılar. Mühasirə beş gün davam etdi. Şah komandanlığı onun alınmazlığına əmin oaraq geri çəkilmək məcburiyyətində qaldı. İyulun 8-nə keçən gecə Kotlyarevski İran qoşunlarının Mehri yaxınlığında yerləşən düşərgəsinə qəflətən hücum etdi. Süngü döyüşündə İran dəstəsi darmadağın edildi və Qarabağın hüdudlarından kənara atıldı. Rus qoşunlarının bu qələbəsi Zaqafqaziyadakı bütün vəziyyəti dəyişdi. 1810-cu ilin avqustunda İran və Türkiyə arasında Rusiya əleyhinə hərbi ittifaq bağlandı. Lakin bunun da köməyi olmadı. İran qoşunları Ahalkələk yaxınlığında darmadağın edildi. Abbas Mirzə rus dəstələri ilə yeni toqquşmalardan çəkinərək barışıq haqqında danışıqlara yenidən başlamaq qərarına gəldi.

1812-ci ilin əvvəllərində 20 minlik İran ordusu Qarabağa soxuldu. O, Şahbulaq və Sultanbud tərəfə irəlilədi. Böyük miqdarda artilleriyaya malik olan şah qoşunların İngilis zabitlərinin komandanlığı altında azsaylı rus qarnizonunu mühasirəyə aldılar və asan qələbə çaldılar.

1812-ci ildə rusiya ilə iran arasında Aslandüz adlanan yerdə döyüş baş verdi. Bu döyüşdə ruslar əhəmiyyətli qələbə qazandılar. Elə həmin ilin dekabrında rus qoşunu Lənkəran xanlığını zəbt etdi.

Aslandüz və Lənkəran döyüşlərindən sonra ruslar müharibənin taleyini həll etmişdi. 1813-cü ilin əvvəlində sülh danışıqlarına başlandı. Oktyabrın 12-də Gülüstan kəndində sülh müqaviləsi bağlandı. Bu müqavilə İran tərəfindən Mirzə Əbdülhəsən xan, Rusiya tərəfində isə Rtışşev tərəfindən imzalandı. Bu müqaviləyə əsasən, İrəvan və Naxçıvan İranın, qalan xanlıqların ərazisi isə Rusiyaya ilhaq edildi. Bundan başqa yalnız rusların Xəzərdə donanma saxlamaq hüququ var idi. Gülüstan müqaviləsi dünya tarixində özgə torpaqlarının bölüşdürülməsi üçün bağlanmış ilk anti-humanist və zorakl müqavilələrdəndir.

1826-cı ildə Rusiya-İran müharibəsinin II mərhələsi başlandı. 1826-cı l mayın 26-da İran qoşunu sərhəd dəstələrinə hücum etdi, iki aydan sonra isə iyulun 19-da Abbas Mirzənin 60 minlik ordusu Şimali Azərbaycana soxuldu. Abbas Mirzənin planı qəflətən Qarabağa soxulmaq, Şuşanı ələ keçirmək və sonra isə Gəncəni tutmaqla Tiflisə hücum etmək idi. İrəvan sərdarı Hüseyn xan cənubdan Şuragəl və Pəmbəyə soxulmalı və burada Abbas Mirzənin əsas qüvvələrinin yaxınlaşmasını gözləməli idi. Abbas Mirzənin yanında olan gürcü şahzadəsi Aleksandr isə İran ordusu ilə Kaxetiyaya girməli və burada Car-Balakən dəstələri ilə birləşib Şimal-Şərqdən Tiflis üzərinə hərəkət etməli idi.

Ruslar Qarabağ mahallarını işğal edərək Şuşa qalasını mühasirəyə aldılar. Şuşa qalasının mühasirəsi 48 gün davam etdi. Abbas Mirzənin təslim olmaq haqqında dəfələrlə verdiyi tələblər Şuşa qarnizonunun rəisi polkovnik Reut tərəfindən rədd edildi. Şuşa qalasını uzun müddət mühasirədə saxlamaq İran hərbi komandanlığının səhvi idi. Yermolov başa düşürdü ki, azsaylı qüvvələrlə bütün cəbhə boyu düşmənə əks zərbə vurmaq mümkün deyil. Bütün qüvvələri Cənubi Qafqazın hərbi-siyasi mərkəzi olan Tiflisin müdafiəsində cəmləşdirməklə o, düzgün qərar qəbul etdi.

1826-cı ildə Şəmkir yaxınlığında qanlı döyüş oldu. Bu döyüşdə ruslar qələbə qazandılar. Şəmkir məğlubiyyətini eşidən Abbas Mirzə Gəncəyə gəldi. Gəncə yaxınlığındakı döyüşdə seçmə İran ordusu məğlub olaraq qaçmağa başladı. Gəncə döyüşü müharibənin gedişinə əhəmiyyətli təsir göstərdi.

1827-ci illərdə ruslar öncə Naxçıvan, sonra isə İrəvan xanlığını işğal etdi. İrəvanın işğalından sonra rus qoşunlarının C.Azərbaycana yürüşləri başlandı. 1827-ci ilin oktyabrında rus qoşunları Mərəndi, sonra isə Xoyu ələ keçirdilər. Oktyabr ayının 13-də Təbriz tutuldu

Vəziyyətin ağırlığını görə İngiltərə hökümətinin vasitəçiliyi ilə sülh danışıqlarına başlanıldı və 1828-ci fevralın 10-da Türkmənçay kəndində Abbas Mirzə və Paskeviç arasında sülh müqaviləsi bağlandı. Bu müqavilə 15 maddədən ibarət idi.

Türkmənçay müqaviləsi XIX əsrin birinci otuz ilində baş vermiş Rusiya-İran müharibələrinə son qoydu. Torpaqlarmızın iki yerə bölünməsi başa çatdı.

Cümşüdlü Vüqar

Uçot-iqtisad fakültəsi

Qrup 400

Qeyd: Məqalədən istifadə zamanı istinad zəruridir

Categories: Azərbaycan, Tariximiz
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: