Home > Analitik Köşə, Güney Express > Ermənistanın “nəfəs borusu” İran

Ermənistanın “nəfəs borusu” İran

Bu günlərdə Ermənistan Xarici İşlər Nazirliyinin saytında İranla əlaqələrə həsr olunmuş bölməyə göz yetirdim. Verilən məlumatlardan bəlli olur ki, Ermənistan müstəqillik əldə edəndən bəri iki ölkə arasında müxtəlif sahələr üzrə 80-ə yaxın müqavilə, saziş, memorandum imzalanıb. Elə illər olub ki, İran prezidenti iki dəfə Ermənistana səfər edib və əksinə. Digər yüksək rütbəli məmurların qarşılıqlı səfərləri də öz yerində. Məlumatların səthi təhlilindən aydın olur ki, 1995-ci ildən etibarən İran-Ermənistan əlaqələri strateji tərəfdaşlıq xarakteri kəsb edib. Əgər 1992-ci ildə İranla Ermənistan arasında mal dövriyyəsi 20 milyon dollar idisə, 2010-cu ildə bu rəqəm 335 milyon olub və tərəflər bununla kifayətlənməyib onu 1 milyard dollara çatdırmaq əzmindədirlər. Yada salsaq ki, söhbət sadəcə iki qonşu dövlətin münasibətlərindən deyil, özünü “islam respublikası” adlandıran, dünya müsəlmanlarının hamisi bilən, yarandığı gündən Qərblə qarşıdurmasında islam söyləmini bolluca istismar edən bir ölkənin, necə deyərlər, gözü görə-görə müsəlman torpaqlarını işğal etmiş xristian məmləkəti ilə hərtərəfli, sıx əlaqələrindən gedir, onda istər-istəməz bir sual meydana çıxır: İranın Ermənistan sevgisi nədən qaynaqlanır?
İran ABŞ-dan sonra Ermənistanın müstəqilliyini tanıyan ilk dövlət olub: 1991-ci il dekabrın 25-də. 2011-ci il dekabrın 23-də – görünür, bu tarix təsadüfi seçilməyib – İran prezidenti Mahmud Əhmədinejad Ermənistana növbəti rəsmi səfərə gedib. Onunla görüşdə erməni həmkarı Serj Sərkisyan söyləyib: “Bu il təkcə Ermənistan Respublikasının müstəqilliyinin 20 illiyi deyil, həm də ən yeni dövrdə bizim dostluğumuzun 20 illiyi tamam olur… Bizim münasibətlərimizin əsasında səmimi erməni-iranlı dostluğu dayanır”. Sonuncu fikirlə razılaşmamaq mümkün deyil. Bütün bu müddətdə İranın Azərbaycana münasibətində çatışmayan şey elə həmin səmimiyyətdir!
M.Əhmədinejad S.Sərkisyana müraciətlə belə deyib: “Biz eyni mədəniyyətin daşıyıcılarıyıq”. Pardon, bəs haqqında danışmaqdan yorulmadığınız, Qərb mədəniyyətinə qarşı qoymaqdan həzz aldığınız, hələ biz azərbaycanlıları da uzaq düşməkdə qınadığınız islam mədəniyyəti harda qaldı?! Bu yerdə İran əsilli ABŞ politoloqu Kərim Səccadpurun sözləri yada düşür: “Xameneyinin bəyan etdiyi inqilabi ideallarla İranın real xarici siyasəti arasında böyük uçurum vardır. Ədalət, müsəlman həmrəyliyi və müstəqillik kimi anlayışlardan fələstinlilərə dəstək üçün geniş istifadə olunur, lakin eyni zamanda Rusiya ilə münasibətləri korlamamaqdan ötrü çeçen probleminə davamlı olaraq göz yumulur. “Həmas” və “Hizbullah”ı müdafiə edərkən, müsəlman birliyi yada düşür, amma müsəlman (üstəlik də şiə) Azərbaycanla müharibədə İran xristian Ermənistanı dəstəkləyir”.
1990-cı illərdə, sözün həqiqi mənasında, boğulmaqda olan Ermənistanı yaşadan İran olmuşdur. Məhz buna görə də Ermənistan prezidenti S.Sərkisyan ötən il “Exo Moskvı” radiosuna verdiyi müsahibədə İranı Ermənistanın “nəfəs borusuna” bənzətmiş, bu ölkəyə ehtimal olunan hücumun Ermənistanı ciddi problemlərlə üzləşdirəcəyi ilə bağlı narahatlığını dilə gətirmişdir. İkitərəfli  əlaqələr, ilk növbədə, Ermənistanın enerji təhlükəsizliyini təmin edir. Müasir şəraitdə enerji təhlükəsizliyinin hər bir ölkənin milli təhlükəsizliyinin başlıca tərkib hissələrindən biri olduğunu sübut etməyə isə ehtiyac yoxdur.
Sovet dövründə təbii qaynaqlardan məhrum Ermənistana verilən qazın 70 %-i Azərbaycan ərazisindən (Türkmənistan qazı), 30 %-i isə Gürcüstan ərazisindən keçirdi. Qarabağ müharibəsindən sonra Azərbaycan üzərindən gələn qazdan məhrum olan Ermənistan çətin duruma düşdü. Şahidlərin yazdığına görə, 1993-cü ildə İrəvanın özündə gündə orta hesabla 3 saat işıq olurdu. Bu zaman Ermənistanın dadına məhz İran yetişdi. Qısa müddətə İranın vəsaiti ilə çəkilən və iki ölkə prezidentinin iştirakı ilə təntənəli şəkildə açılan İran-Ermənistan qaz kəməri Ermənistanı elektrik enerjisi böhranından çıxardı. Ermənistanın elektrik enerjisi ilə təminatında başlıca rol oynayan Razdan istilik-elektrik stansiyası bütünlüklə İran qazı ilə işləyir. Özü də İran Ermənistana verdiyi qazın müqabilində pul deyil, elektrik alır: hər 1 m3  qaza görə 3 kvt. Bu isə Ermənistana Rusiyadan aldığı qazdan 3-4 dəfə ucuz başa gəlir.
İranın Ermənistanla bu cür güzəştli iqtisadi əməkdaşlığına dair çoxsaylı məqalələr yazıldığından, son dövrə aid bir faktı qeyd etməklə kifayətlənmək olar: razılaşmaya əsasən, iki ölkə arasında üçüncü elektrik xəttinin çəkilişi üçün tələb olunan 107 milyon avronun 83 milyonunu İran, 24 milyonunu isə Ermənistan verməlidir. Ötən il İran öz payını ödəmişdir, lakin Ermənistan bu ilin fevralında vəsait çatışmazlığını bəhanə gətirərək, qalan pulun da İran tərəfindən kredit kimi verilməsini istəmiş, kreditin elektrik enerjisi ilə qaytarılacağını vəd etmişdir. Xəttin çəkilişi bütünlüklə İran tərəfindən maliyyələşəcəkdir. Xalq deyimi ilə desək, İran qardaşın qardaşa etmədiyini Ermənistana edir. Deyəsən, bunların müqabilində əlavə şərhə ehtiyac duyulmur…

MƏSİAĞA MƏHƏMMƏDİ

Strateji Araşdırmalar Mərkəzinin
Xarici siyasət məsələlərinin təhlili şöbəsinin baş elmi işçisi

  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: