Home > Ana dilim > Mürəkkəb isimlər

Mürəkkəb isimlər

Mürəkkəb isimlər sintaktik yolla, iki və daha artıq sözün birləşməsi ilə yaranır. Mürəkkəb isimlər yazılışına görə iki yerə bölünür: bitişik yazılanlar, defislə yasılanlar.
Bitişik yazılan mürəkkəb isimlər bir vurğu altında deyilir. Bu cür sözlər əmələ gəlmə üsullarına görə bir neçə qrupa bölünür:

  • İki müxtəlifmənalı və tərkibində heç bir şəkilçisi olmayan sadə sözlərin birləşməsi ilə: Kürdəmir, Qarabağ, istiot, Elşən, kəlləpaça, və s.
  • Mənsubiyyət şəkilçili sözlərin birləşməsi ilə: suiti, kəklikotu, Nəbioğlu, dağkeçisi, Bazardüzü və s.
  • Sadə və düzəltmə sözün birləşməsi ilə: soyqırım, Əlibayramlı, qəlbisınıqlıq, beşillik və s.
  • İkinci tərəfi feli sifət olan mürəkkəb isimlər: falabaxan, yelqovan və s.
  • ”Ha”, “a”, bitişdiricilərinin vasitəsilə birləşən eyni fel köklərinin təkrarı ilə yarananlar: gəlhagəl, vurhavur, qaçaqaç və s.
  • Tərkibində ağa, xanım, bəy, şah, xatun kimi sözlər mürəkkəb ismin tərkib hissəsi olduqda: Ağasəlim, Bəyəli, Gülxanım, Saraxatun və s.

Defislə yazılan mürəkkəb isimlər aşağıdakılardır:

  • Yaxın mənalı sözlərin birləşməsi ilə: söz-söhbət, qapı-pəncərə, qayda-qanun, adət-ənənə və s.
  • Əks mənalı sözlərin iştirakı ilə: baş-ayaq,eniş-yoxuş, gediş-gəliş və s.
  • Tərəflərindən biri ayrılıqda işlənməyən sözlərin iştirakı ilə: kol-kos, kağız-kuğuz, zir-zibil, dəmir-dümür, sür-sümük və s.
  • İzafət tərkibi formasında olanlar: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal və s.
  • Tərkibində əks, eks, vitse, kontr, ober, super, külli sözləri olan mürəkkəb isimlər: əks-inqilab, eks-prezident, vitse-admiral, ober-leytenant, super-market, külli-ixtiyar və s.

Defislə yazılan mürəkkəb isimlərin də əksəriyyəti bir vurğu altında deyilir.

Mürəkkəb adlar

Şəxslərin, əşyaların adları ayrı-ayrı isimlərlə, söz birləşmələri ilə də ifadə oluna bilər. Bu baxımından mürəkkəb adları mürəkkəb xüsusi isimlərlə qarışdırmaq olmaz. Unutmayın ki, mürəkkəb isimlər söz, mürəkkəb adlar isə söz birləşməsidir.
Mürəkkəb söz
Məmmədhüseyn,
Məmmədhüseyn Şəhriyar
Mürəkkəb ad
Qarabağ, Qarabağ xanlığı

Qeyd: mürəkkəb adlar bütövlükdə cümlənin bir mürəkkəb üzvü olur. amma mürəkkəb sözlər sadə cümlə üzvü olur.

Tarixi hadisələrin, dövrlərin, sülalələrin, yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adların birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yüzillik müharibə, Gülüstan müqaviləsi, Orxon-Yenisey abidələri, Səfəvilər sülaləsi, Azadlıq meydanı, Şəhidlər günü və s.
Belə sözlərə fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Son Paleolit dövrü, Orta Paleolit dövrü və s.
Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Şəki Şəhər İcra Hakimiyyəti.
Yüksək dövlət vəzifələri, fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Babək Rayon Təhsil Şöbəsi, Bakı Dövlət Universiteti və s.
Orden, medal, bədii əsr, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, kafe, nəşriyyat, restoran, düşərgə,mağaza və s. Adları dırnaqda və böyuk hərflə yazılır:”Azərbaycan Bayrağı” ordeni, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti, “Azərbaycan”qəzeti, “Çinar” kafesi və s.
Qeyd: Dırnaqda yazılan belə sözlərə artırılan şəkilçi dırnaqdan kənarda yazılır: ”Xalq Qəzeti”nin dünənki sayı, “Leyli və Məcnun”un ilk tamaşası və s.
Qeyd: mürəkkəb adların ixtisarına abveriatura deyilir.

Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, bəy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb, titul bildirib sözlərdən əvvəl gələrsə, böyük, sonra gələrsə, kiçik yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Qasım, Nadir şah, Fətəli xan, Heyran xanım və s.
Mürəkkəb adların bir çoxu ixtisar şəklində yazıla bilir: Müstəqil Dövlətlər Birliyi-MDB, Azərbaycan Beynəlxalq Universiteti-ABU, Azərbaycan Teleqraf Agentliyi-AzərTAc və s.
İxtisarlar şəkilçi qəbul edərkən şəkilçilər ixtisarın son hecasına uğun olaraq artırılır: ABU-ya, BMT-nin, MDB-də və s.

Categories: Ana dilim
  1. No comments yet.
  1. No trackbacks yet.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: